“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun açılış mərasimi keçirilib

03/07/2025, 11:56
xeber1

İyulun 2-də Laçın şəhərində “İƏT Həftəsi” çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun açılış mərasimi keçirilib.


Açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk dəfə olaraq İƏT Həftəsinin və Qadınlar Forumunun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda təşkil edilməsini tarixi hadisə adlandırıb. 


O, ölkəmizdə qadın sahibkarlığının inkişafı ilə yanaşı, qadınların təhsilə çıxışı, elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ciddi nəticələr əldə edildiyini qeyd edib. Əlavə edib ki, Laçın da daxil olmaqla azad edilmiş bölgələrdə qadınların bilavasitə iştirakı ilə reallaşan sosial-iqtisadi layihələr bu siyasətin praktik nəticəsidir.

Azərbaycanın digər çoxtərəfli formatlar çərçivəsində olduğu kimi, İƏT müstəvisində də qadınların dayanıqlı inkişaf sahəsində əməkdaşlığın tərəfdarı olduğunu vurğulayan sədr, bu platformanı 2025-ci ildə başa çatan İƏT-in Baxış sənədinin davamı kimi və 2026–2035 dövrünü əhatə edəcək yeni inkişaf strategiyasının işlənib hazırlanmasında mühüm rol oynaya bilər.


Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Silapberdi Nurberdiyev çıxış edərək, ev sahibliyinə və Forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.


İƏT rəsmisi Forumun həm üzv dövlətlərin öz təcrübələrini bölüşməsi, həm də beynəlxalq təşkilatların töhfə verməsi baxımından mühüm platforma olduğunu qeyd edib. O, güclü iqtisadiyyatın və inklüziv cəmiyyətin qurulmasında, eləcə də dayanıqlı müqavimətin formalaşdırılmasında qadınların vacib rolunu vurğulayıb. S. Nurberdiyev, iqlim fəaliyyətində rəhbər səylərin gücləndirilməsini, həmçinin iqlim dəyişmələrinə qarşı mübarizə aparılmasında daha çox imkanların yaradılmasının vacibliyini bildirib. O, qadınların qeyri-ənənəvi sahələrdə biliklərin mənimsənilməsi və iştirakının artırılması üçün bir sıra planların olduğunu qeyd edib və əlavə edib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün düzgün maliyyələşdirməni və məlumatları toplamağı təmin etməliyik.


İƏT rəsmisi qadınların elmi, texnoloji və riyazi sahələrdə iştirakı artırılmasını və gender əsaslı zorakılığın qarşısının alınması sahəsində daha tutarlı tədbirlər görülməsinin prioritet istiqamətlər olduğunu da diqqətə çatdırıb.


Daha sonra BMT Baş Katibinin müavini, BMT-nin Dayanıqlı İnkişaf Qrupunun Sədri Amina J. Mohammed və BMT Baş Katibinin müavini, BMT Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının İcraçı Katibi Armida Salsiah Alisjahbananın video müraciətləri dinlənilib.


Özbəkistan Respublikasının Ailə və Qadın Komitəsinin sədri Zulayxo Maxkamovanın çıxış edərək bildirib ki, Forum İƏT regionuna daxil olan ölkələrin və beynəlxalq tərəfdaş dövlətlərin qadın rəhbərləri arasında konstruktiv dialoq, eləcə də gələcək əməkdaşlıq üçün etibarlı platforma çevriləcəkdir.


Özbəkistanda ailə və qadınların dəstəklənməsinə yönəlmiş Milli proqramın fəal və ardıcıl şəkildə həyata keçirildiyini vurğulayan Z. Maxkamova qeyd edib ki, bu proqram qadınların cəmiyyətdəki rolunun artırılmasına, qərarqəbuletmə proseslərində iştiraklarının və töhfələrinin gücləndirilməsinə, qadın sahibkarlığının və innovativ fəaliyyətin inkişafına, eləcə də resurslar və xidmətlərə geniş əlçatanlığın təmin edilməsinə yönəlib.


Sonra “Qızların təhsilinə dəstək gələcəyə sərmayədir” adlı film nümayiş etdirilib.


 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: