Xəbərlər
Layiqli əmək – güvənli gələcəyin əsas şərtidir

7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan Mikayıl Müşfiq adına 18 nömrəli tam orta ümumtəhsil məktəbində, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə (FRİTL), eləcə də 161 və 325 nömrəli körpələr evi-uşaq bağçalarında ittifaq üzvləri ilə silsilə maarifləndirici görüşlər keçirilib.
Görüşlərdə əsas diqqət ETİHİ Yasamal Rayon Komitəsinin təhsil işçilərinin hüquq və mənafelərinin müdafiəsindəki roluna, təhlükəsiz iş şəraitinin təmin olunmasına və sosial dialoqun inkişafına yönəldilib. Vurğulanıb ki, Rayon Komitəsi hər bir üzvünün əmək hüquqlarının müdafiəsini hər zaman diqqət mərkəzində saxlayır. İşçi və işəgötürən arasında qarşılıqlı etimada, hörmətə və əməkdaşlığa əsaslanan sağlam əmək mühitinin formalaşdırılması qurumun fəaliyyətində prioritet istiqamətdir.
Müzakirələr zamanı ETİHİ Yasamal Rayon Komitəsinin nümayəndələri tərəfindən əmək kollektivində sağlam psixoloji mühitin yaradılması, işçilərin fikir və təkliflərinin dinlənilməsi, ortaya çıxan məsələlərin dialoq yolu ilə həllinin önəmi qeyd olunub. İttifaq üzvlərinə əmək münasibətləri zamanı qarşılaşdıqları hər bir məsələ ilə bağlı Rayon Komitəsinə müraciət edə biləcəkləri və hüquqlarının müdafiəsi istiqamətində müvafiq dəstək alacaqları bildirilib.







