Xəbərlər
İlk Həkmar sədrin seçilməsi məqsədilə ümumi yığıncaq keçirildi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Ağstafa şəhər 3 nömrəli tam orta məktəbdə həmkarlar ittifaqı komitəsinin sədrinin yaş həddinə çataraq əmək fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq yeni sədrin seçilməsi məqsədilə ümumi yığıncaq keçirildi.
Tədbirdə məktəb rəhbərliyi, həmkarlar ittifaqının üzvləri və pedaqoji kollektiv iştirak etdi. Yığıncaqda çıxış edənlər uzun illər həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində fəaliyyət göstərmiş həmkarımıza göstərdiyi xidmətlərə, kollektivin sosial müdafiəsinin gücləndirilməsi, müəllim və işçilərin problemlərinin həllinə verdiyi töhfələrə görə dərin minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, onun səmərəli fəaliyyəti həmkarlar arasında birlik və həmrəyliyin möhkəmlənməsində mühüm rol oynayıb.Daha sonra həmkarlar ittifaqı komitəsinin yeni sədrinin seçilməsi məsələsinə baxıldı. Namizədlər irəli sürüldü, onların fəaliyyəti və gələcək iş planları barədə məlumat verildi. Demokratik və şəffaf şəkildə keçirilən səsvermənin nəticələrinə əsasən yeni sədr seçildi.Yeni seçilmiş sədr göstərilən etimada görə kollektivə təşəkkürünü bildirərək, həmkarlar ittifaqının fəaliyyətinin daha da gücləndirilməsi, üzvlərin hüquq və mənafelərinin qorunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində məsuliyyətlə çalışacağını vurğuladı.
Yığıncağın sonunda çıxış edənlər yeni sədrə gələcək fəaliyyətində uğurlar arzuladılar, həmkarlar ittifaqının məktəb kollektivinin birliyinə, əməkdaşlıq münasibətlərinin inkişafına və təhsil müəssisəsində sağlam iş mühitinin formalaşmasına bundan sonra da öz töhfəsini verəcəyinə əmin olduqlarını ifadə etdilər. Həmçinin yaş həddinə görə fəaliyyətini başa vuran sabiq sədrə uzun ömür, möhkəm can sağlığı və gələcək həyatında uğurlar arzulandı.





