Xəbərlər
İlk Təşkilat sədrlərinin hesabat yığıncağı keçirildi

Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsində İlk Təşkilat sədrlərinin hesabat yığıncağı keçirildi.
Tədbiri Komitə sədri Fəxrəddin Eyvazov açaraq iştirakçıları salamlamış və keçirilən görüşün məqsədi barədə məlumat vermişdir. Fəxrəddin müəllim çıxışında bildirmişdir ki, hesabat yığıncaqları həmkarlar təşkilatının fəaliyyətində mühüm əhəmiyyət kəsb edir və ötən dövr ərzində görülən işlərin obyektiv şəkildə qiymətləndirilməsinə, eləcə də növbəti il üçün qarşıya qoyulan vəzifələrin dəqiq müəyyənləşdirilməsinə imkan yaradır.
Görüş zamanı İlk Təşkilat sədrləri tərəfindən ötən ilin fəaliyyətinə dair hesabatlar təqdim olunmuş, həmkarlar təşkilatlarının sosial müdafiə, üzvlərlə iş, maarifləndirmə tədbirləri, həmçinin təhsil müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verilmişdir.
Tədbirdə həmçinin qarşıda duran hədəflər və prioritet istiqamətlər müzakirə olunmuş, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün vacib məsələlər diqqətə çatdırılmışdır. Fəxrəddin Eyvazov vurğulamışdır ki, həmkarlar təşkilatlarının birgə fəaliyyəti, koordinasiya və informasiya mübadiləsi gələcək işin səmərəliliyini artırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Sonda İlk Təşkilat sədrlərinə göstərdikləri əməkdaşlığa görə təşəkkür edilmiş, qarşıdakı işlərdə uğurlar arzulamışdır.





