Xəbərlər
Maarifləndirici görüş

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi tərəfindən Göyçay rayon Qarabağlar kənd tam orta məktəbində maarifləndirici görüş təşkil olunmuşdur. Tədbirin əsas məqsədi müəllimlərin sanatoriya və kurort yollayışlarının əldə olunması üçün tətbiq edilən elektron sistem barədə məlumatlandırılması və onların bu sahədə praktiki biliklərinin artırılması olmuşdur.
Görüş zamanı çıxış edən komitə sədri Kəmalə Səmədova vurğulamışdır ki, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması və istirahət hüquqlarının təmin edilməsi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu baxımdan sanatoriya və kurort yollayışlarının verilməsində şəffaflığın təmin olunması və müraciət prosesinin sadələşdirilməsi məqsədilə elektron sistemin tətbiqi mühüm əhəmiyyət daşıyır.
Təlim çərçivəsində iştirakçılara sistemdə qeydiyyatın aparılması, şəxsi kabinetin yaradılması, tələb olunan sənədlərin elektron qaydada təqdim edilməsi, müraciətlərin izlənilməsi və nəticələrin əldə olunması mərhələləri ətraflı şəkildə izah edilmişdir. Praktiki nümunələr əsasında aparılan izahlar müəllimlərin sistemi daha rahat mənimsəməsinə şərait yaratmışdır.
Eyni zamanda tədbir interaktiv formada keçirilmiş, iştirakçıların sualları cavablandırılmış, qarşıya çıxan texniki çətinliklərin həlli yolları barədə ətraflı tövsiyələr verilmişdir.
Sonda qeyd olunmuşdur ki, bu kimi maarifləndirici görüşlər müəllimlərin rəqəmsal savadlılığının artırılmasına, onların sosial təminat imkanlarından daha səmərəli istifadəsinə və ümumilikdə təhsil işçilərinin rifah halının yüksəldilməsinə mühüm töhfə verir.





