Xəbərlər
Martın 12-də “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin açılış mərasimi keçirilib

Mərasimdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, millət vəkilləri, media qurumlarının və özəl müəssisələrin rəhbərləri, şagirdlər və digər qonaqlar iştirak edirdilər.
Giriş nitqi ilə çıxış edən Təhsil İnstitutunun direktor müavini və layihə direktoru Fuad Qarayev, layihənin tərəfdaşlarına təşəkkürünü bildirdi. O, müsabiqənin statistik göstəriciləri barədə məlumat verərək, 9 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələri təqdim etdi. Həmçinin, o qeyd etdi ki, müsabiqəyə qeydiyyatdan keçmiş 654 layihədən 138-i sərgidə iştirak hüququ qazanıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında, 2012-ci ildən keçirilən müsabiqəyə ölkə miqyasında marağın ildən-ilə artdığını vurğuladı. O, müsabiqənin müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarını üzə çıxarmaqda, onların yüksək standartlara uyğun tədqiqatçı və mütəxəssis kimi formalaşmasında mühüm rol oynadığını bildirdi.
Çıxış edən “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qızıl medal mükafatçısı və ABŞ-da keçirilən İNTEL İSEF beynəlxalq layihə müsabiqəsinin bürünc medal mükafatçısı İbrahim Allahverdiyev qalib olduğu layihənin uğur hekayəsini qonaqlarla bölüşdü.
Daha sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirə ev sahibliyi etməkdən məmnun olduğunu bildirdi. O, müsabiqəyə qatılan qızların sayının ildən-ilə artdığını və qızların tədqiqat sahəsinə marağının yüksəldiyini diqqətə çatdırdı.
Millət vəkili Ceyhun Məmmədov şagirdlərə təfəkkür, təhlil və araşdırma qabiliyyətlərini artırmağın vacib olduğunu vurğuladı. O, müsabiqənin şagirdlərə öz potensiallarını nümayiş etdirmək və sabahın alimlərinə yeni perspektivlər açmaq üçün əvəzolunmaz bir imkan təqdim etdiyini bildirdi.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar finalçıların layihələri ilə tanış olublar.
Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tərəfdaşlığı ilə keçirilib




