Xəbərlər
Masallıda sağlam psixososial iş mühiti mövzusunda maarifləndirici tədbir keçirilib

15 aprel 2026-cı il tarixdə Masallı rayon Gənclər Evində AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Masallı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Komitənin Hüquq şöbəsinin müdiri Fuad Nəsirov, həmçinin Masallı Rayon İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional İdarəsinin Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri və ETİHİ-nin rayon komitələrinin sədrləri iştirak ediblər.
Tədbirdə ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə geniş məruzə ilə çıxış edərək sağlam psixososial iş mühitinin yaradılmasının müasir dövrdə xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. O bildirib ki, əmək mühitində yalnız fiziki təhlükəsizliyin təmin olunması kifayət etmir, eyni zamanda işçilərin psixoloji rifahı, emosional sabitliyi və sosial münasibətləri də diqqətdə saxlanılmalıdır.
Mirzə Cəfərzadə sağlam iş mühitinin formalaşdırılmasının əsas istiqamətlərindən danışaraq təhlükəsiz əmək şəraitinin yaradılması, işçilərin hüquqlarının qorunması, psixoloji dəstəyin təmin edilməsi, kollektiv daxilində sağlam münasibətlərin qurulması və maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd edib. O əlavə edib ki, xüsusilə təhsil müəssisələrində sağlam mühitin yaradılması böyük əhəmiyyət daşıyır, çünki müəllim və şagirdlərin psixoloji vəziyyəti tədrisin keyfiyyətinə birbaşa təsir göstərir.
Çıxışının sonunda o, “sağlam mühit, sağlam təhsil, sağlam cəmiyyət deməkdir” fikrini xüsusi vurğulayaraq bütün qurumları bu istiqamətdə birgə fəaliyyət göstərməyə çağırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib və geniş fikir mübadiləsi aparılıb.














