Xəbərlər
Mayın 14-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Xətai Rayon Komitəsində rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin – bağça və körpələr evlərinin – ilk həmkarlar təşkilatlarının sədrlərinin iştirakı ilə iclas keçirilmişdir.

Tədbirin əsas məqsədi üzv təşkilatlarda həmkarlar ittifaqı fəaliyyətinin daha da gücləndirilməsi, təşkilat sədrləri ilə qarşılıqlı əlaqələrin artırılması, ATİAHİ üzvlüyünün və onun təqdim etdiyi imkanların əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat çatdırmaq olmuşdur.
İclasda Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov çıxış edərək həmkarlar ittifaqına üzvlüyün təhsil işçilərinə verdiyi hüquq və imkanlar, tətbiq olunan güzəştlər və imtiyazlar, eləcə də sosial müdafiə tədbirləri barədə ətraflı məlumat vermişdir. O, eyni zamanda üzvlərin hüquqlarının qorunması, istirahət və sanatoriya proqramlarında iştirak imkanı, maddi dəstək mexanizmləri və digər sosial proqramlar haqqında geniş məlumat təqdim etmişdir.
İclas interaktiv müzakirə şəklində davam etmiş, təşkilat sədrləri qarşılaşdıqları təcrübi problemləri, təklif və təşəbbüslərini bölüşmüş, müxtəlif mövzularda fikir mübadiləsi aparmışlar.
Sonda tədbir iştirakçıları bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulamış, bu toplantıların həm təşkilati fəaliyyətin səmərəliliyinin artırılmasına, həm də kollektivdə birlik və həmrəyliyin gücləndirilməsinə xidmət etdiyini qeyd etmişlər.





