Xəbərlər
MDU tələbələri “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalında iştirak ediblər

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalı keçirilib.
Festival çərçivəsində respublikanın müxtəlif ali təhsil müəssisələrinin tələbə kollektivləri tamaşalarla çıxış ediblər. İştirakçılar sırasında Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri də fəallıqları ilə seçiliblər. Festival müddətində MDU tələbələri tamaşaları izləyib, yaradıcı müzakirələrdə iştirak edib, teatr sənəti sahəsində yeni təcrübələr qazanıblar və müxtəlif universitetlərin tələbələri ilə fikir mübadiləsi aparıblar.
Bildirilib ki, “Pillə” Tələbə Tamaşaları Festivalı tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadların üzə çıxarılmasına dəstək olmaq, teatr tədrisi prosesini aktivləşdirmək və tələbələrin səhnə bacarıqlarının inkişafına töhfə vermək məqsədi daşıyır.
Festival çərçivəsində müxtəlif nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib, iştirakçılara diplom, sertifikat və hədiyyələr təqdim olunub. Tədbirin bədii hissəsində rəqs, musiqi və səhnə kompozisiyaları nümayiş etdirilib.
Qeyd edək ki, “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalı ali təhsil müəssisələri arasında mədəni əməkdaşlığın genişləndirilməsi, tələbələrin yaradıcılıq fəaliyyətinin təşviqi və gənc istedadların dəstəklənməsi məqsədilə təşkil olunur.









