Xəbərlər
MDU tələbəsi Nazpəri Cabbarova Kikboksinq üzrə Dünya Kubokunun qalibi olub

2026-cı il oktyabrın 13–18-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən kikboksinq üzrə Dünya Kubokunda Mingəçevir Dövlət Universitetinin tələbəsi Nazpəri Cabbarova qızıl medal qazanaraq böyük uğura imza atıb.
MDU-nun “Sosial iş” ixtisasının II kurs tələbəsi Nazpəri Cabbarova gənclər arasında 48 kq çəki dərəcəsində mübarizə apararaq bütün rəqiblərini geridə qoyub və yarışın qalibi olub. 48-dən çox ölkədən 2530-dan artıq idmançı və rəsmi nümayəndənin iştirak etdiyi nüfuzlu beynəlxalq turnirdə qazanılan bu qələbə tələbənin əzmkarlığını və idman potensialını nümayiş etdirir.
Nazpəri Cabbarova bundan əvvəl də uğurlu nəticələri ilə fərqlənib. O, kikboksinq üzrə qadınlar arasında Azərbaycan birinciliyində 48 kq çəki dərəcəsində I yerə layiq görülüb.
Tələbəmizin beynəlxalq arenada qazandığı bu nailiyyət gənclərin idman sahəsində uğurlarının və universitetdə tələbə potensialının inkişafına verilən önəmin göstəricisidir. Nazpəri Cabbarovanı möhtəşəm qələbəsi münasibətilə təbrik edir, ona gələcək yarışlarda yeni uğurlar arzulayırıq.




