Xəbərlər
Məktəbdə yubiley tədbiri keçirilib

09 iyun 2026-cı il tarixində Salyan rayonu Qırx Çıraq qəsəbə ümumi orta ümumtəhsil məktəbində uzun illər Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərmiş, erməni işğalı zamanı öz doğma yurd-yuvasından köçkün düşmüş Əfqan Azad oğlu İsayevin anadan olmasının 65-ci ildönümü, eyni zamanda məktəbin xarici dil müəllimi Rəvanə Əli qızı Məlikovanın yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova iştirak edib.
Məktəbdə təhsil alan şagirdlərlə görüsən komitə sədri onlarla xoş və səmimi söhbətlər aparıb, buraxılış imtahanlarının nəticələri ilə maraqlanıb. Şagirdlər gələcək hədəf və məqsədlərindən, daha perspektivli ixtisas sahələrindən söhbət açıblar. Komitə rəhbəri onlara yay tətilində xoş istirahət, təhsil həyatında uğurlar arzulayıb.
Daha sonra Aynur Əsgərova məktəbin müəllim kollektivi ilə görüşüb. Yubileyləri qeyd olunan müəllimlər ETİHİ Salyan Rayon Komitəsinin Təbriknamə , hədiyyə və mükafatına layiq görülüblər.
Əfqan İsayev 30 ilə yaxın bir müddət ərzində müəllim işlədiyi Qırx Çıraq qəsəbə ümumi orta ümumtəhsil məktəbinin kollektivinə, ETİHİ Salyan Rayon Komitəsinin rəhbərliyinə göstərdiyi qayğı, verdiyi dəyərə görə minnətdarlığını bildirib. O, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən söhbət açaraq ömrünün qalan hissəsini doğma Kəlbəcərdə keçirmək istədiyini dilə gətirib.
Təbiət qoynunda təşkil olunan masa ətrafında ittifaq üzvlərinin yay istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün Respublika Komitəsinin yaratdığı şərait və imkanlar barədə komitə rəhbəri ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandıraraq, təşkilatçılıq və dəstəyə görə məktəb rəhbərliyinə və musiqi müəllimi Ədilə Səfərzadəyə təşəkkür edib.











