Xəbərlər
Məktəbəqədər təhsil müəssisələrində “Qızıl payız”

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan məktəbəqədər təhsil müəssisələrində “Qızıl payız” mövzusunda silsilə bayram tədbirləri təşkil olunub.
Tədbirlərin keçirilməsində əsas məqsəd uşaqlara təbiət hadisələri və payız fəsli haqqında ətraflı məlumat vermək, onlarda ətraf mühitə sevgi və qayğı hissini aşılamaq, eləcə də balacaların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaqdır.
İttifaq üzvləri olan tərbiyəçi-müəllimlərin və musiqi rəhbərlərinin böyük zəhməti və yaradıcı yanaşması ilə ərsəyə gələn bayram şənliklərində uşaqlar payız fəslinə aid şeirlər söyləyib, mahnılar ifa edib və maraqlı rəqs nömrələri nümayiş etdiriblər. Rəngarəng payız dekorasiyaları ilə bəzədilmiş zallarda hazırlanan səhnəciklər və əyləncəli oyunlar uşaqların böyük sevincinə səbəb olub.
ETİHİ Yasamal Rayon Komitəsi üzvlərinin bu cür təşəbbüskarlığını və kollektiv daxilində yaratdığı yaradıcı mühiti yüksək qiymətləndirir, təhsil işçilərinin peşəkar fəallığını təşviq edən layihələrə hər zaman dəstək göstərir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.







