Xəbərlər
MƏN BİR MÜƏLLİMƏM

MƏN BİR MÜƏLLİMƏM
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən “Mən bir müəlliməm” layihəsi çərçivəsində növbəti görüş Ağcabədi şəhər M.Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Pəsiyeva Samirə Aqil qızı ilə keçirilib.
Samirə Pəsiyeva 1980-ci ildə Ağcabədi şəhərində anadan olub. 1985–1996-cı illərdə Ağcabədi şəhər M.Aranlı adına 11 nömrəli tam orta məktəbdə təhsil alıb və məktəbi yüksək nəticələrlə başa vurub.1996–2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra ADPU-nun Dilşünaslıq ixtisası üzrə magistratura pilləsini də fərqlənmə diplomu ilə tamamlayıb.2008-ci ildə ADPU-nun Müasir Azərbaycan dili kafedrasında Dilşünaslıq ixtisası üzrə doktoranturaya daxil olub, minimum imtahanlarını uğurla verib.2018-ci ildə “Azərbaycan dilinin izahlı lüğətlərində arxaik sözlər” mövzusunda dissertasiya işini müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Elmi fəaliyyəti çərçivəsində yerli və xarici elmi nəşrlərdə məqalə və tezisləri çap edilib. Leksikoqrafiya sahəsində ilk dəfə “Arxaik sözlər” lüğətini tərtib edib.
Pedaqoji fəaliyyətə 2000-ci ildə Ağcabədi şəhər M.Aranlı adına 11 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlayıb. Şagirdləri hər il qəbul imtahanlarında Azərbaycan dili və ədəbiyyat fənləri üzrə yüksək nəticələr göstərib.
Peşəkar inkişaf göstəricilərinə görə diaqnostik qiymətləndirmədə 55, sertifikasiya imtahanında 54 bal toplayıb. Bir sıra fəxri fərmanlarla təltif edilib. 2023-cü ildə Elm və Təhsil Naziri Emin Əmirullayev tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Elə həmin il respublika üzrə örnək müəllim seçilib.
Tədris prosesində müasir təlim üsullarından istifadə edir, debat, rollu oyunlar və müzakirələr vasitəsilə şagirdlərdə XXI əsr bacarıqlarının formalaşmasına xüsusi diqqət ayırır. Dərslərdə demokratik dəyərlərin təşviqi, vətənpərvərlik hisslərinin gücləndirilməsi və şagirdlərin ümumi inkişaf səviyyəsinin yüksəldilməsi əsas prioritetlər sırasında yer alır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi “Mən bir müəlliməm” layihəsinin iştirakçısı Samirə Pəsiyevanı pedaqoji fəaliyyətinin 25 illiyi münasibətilə təbrik edib, ona hədiyyə və fəxri fərman təqdim edib.















