Xəbərlər
MƏNƏVİ İSTİRAHƏT VƏ HƏMRƏYLİK

Mənəvi İstirahət və Həmrəylik
ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə birgünlük ekskursiyaların təşkili davam etdirilir. Bu çərçivədə Komitənin fəaliyyət dairəsinə daxil olan Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri üçün İsmayıllı rayonuna ekskursiya təşkil edilib.
Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, onların sosial-mədəni fəallığının artırılması, eyni zamanda kollektiv daxilində ünsiyyət və həmrəyliyin daha da möhkəmləndirilməsi olub.
Səfər zamanı İsmayıllının zəngin təbiəti, füsunkar mənzərələri, istirahət məkanları və milli mətbəxinin ləziz təamları ilə yaxından tanış olmaq imkanı əldə edilib. Rayonun yaşıllıqlarla əhatə olunan ecazkar təbiəti, təmiz havası və özünəməxsus ab-havası xoş təəssüratlar yaradıb.
Səmimi atmosferdə keçən ekskursiya böyük maraq və məmnunluqla qarşılanıb. Bildirilib ki, bu kimi tədbirlər mənəvi istirahətin təmin olunmasına, iş motivasiyasının yüksəlməsinə və kollektiv münasibətlərinin inkişafına müsbət təsir göstərir.
Sonda yaradılan şəraitə və yüksək təşkilatçılığa görə ittifaq üzvləri ETİHİ Yasamal Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.






