Xəbərlər
Millət vəkili məktəb kollektivi, valideyn və kənd sakinləri ilə görüşüb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva və Şəki Rayonu üzrə Təhsil Sektorunun müdiri Zamik Cəbiyevlə birlikdə Şəki rayon Böyük Dəhnə kənd Ə.Fərəcova adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim,valideyn və kənd ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşü giriş sözü ilə məktəbin direktoru Xanlar Ağabəyov açaraq təhsil müəssisəsində görülən işlər,mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Daha sonra Ziyafət Xasiyeva və Zamik Cəbiyev son illərdə təhsil sahəsində həyata keçirilən yeniliklər, aparılan islahatlar,o cümlədən təhsil işçilərinin əmək,sosial-iqtisadi hüquqlarının qorunmasında birgə əməkdaşlığın effektivliyi haqqında məlumat veriblər. Bildirilib ki, müəllim əməyinə verilən dəyər, təhsilin inkişafına göstərilən diqqət, qayğı,yaradılan şərait bu sahədə çalışan hər bir kəs üçün mühüm stimuldur.
Sonda millət vəkili Cavanşir Feyziyev çıxışı edərək dövlətin təhsilə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs etmiş,təhsil işçiləri və valideynlərin birgə fəaliyyətinin zəruriliyini xüsusi vurğulamış,daim müəllim əməyinin stimullaşdırılması,istedadlı şagirdlərin həvəsləndirilməsi və onların inkişafı üçün lazimi şəraitin yaradılmasına mütəmadi olaraq dəstək göstərəcəyini bildirmişdir.
Deputatın təşəbbüsü ilə tikilən məktəb binasında keçirilən görüşdə çıxış edənlər ölkədə həyata keçirilən geniş miqyaslı tikinti,abadlıq-quruculuq işlərinə görə dövlət başçısı cənab İlham Əliyevə, eləcə də yaşadıqları kənddə hal-hazırda aparılan müasir səviyyədə yeni təhsil və mədəniyyət obyektlərinin tikintisinə qayğı göstərdiyinə və həmişə seçicilərinin problemlərinin həllində yaxından iştirak etdiyinə görə deputat Cavanşir Feyziyevə öz minnətdarlıqlarını bildiriblər.
Sonda Cavanşir Feyziyev,Ziyafət Xasiyeva və Zamik Cəbiyev kənddə inşa olunan yeni məktəb binasına,mədəniyyət evi və parka baxış keçirmiş və görülən inşaat işlərlə tanış olmuşlar.



