Xəbərlər
Mingəçevir Dövlət Universitetinin əməkdaşları “MDU Yaşıl Nəfəs – Təbiətdə Birlik Günü” tədbirində iştirak ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları üçün “MDU Yaşıl Nəfəs – Təbiətdə Birlik Günü” adlı ekoloji-istirahət tədbiri keçirilib. Tədbir çərçivəsində MDU-nun bir qrup əməkdaşı Şəki rayonunun Öryət kəndində yerləşən “BioGarden” eko-aqro turizm təsərrüfatı mərkəzinə səfər ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd universitet əməkdaşları arasında kollektiv həmrəyliyin və komanda ruhunun gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, ekoloji düşüncənin formalaşdırılması, təbiətlə harmoniyada istirahət mədəniyyətinin inkişaf etdirilməsi, eləcə də universitetdə sosial rifah və korporativ dəyərlərin möhkəmləndirilməsinə töhfə vermək olub.
Səfər zamanı iştirakçılar “BioGarden” eko-aqro turizm təsərrüfatının fəaliyyəti ilə yaxından tanış olub, aqro-ekoloji təsərrüfat modeli, meyvə bağları, yaşıllıq sahələri, quş və heyvanların saxlanıldığı ərazilər, eləcə də mərkəzin istirahət və xidmət infrastrukturu barədə ətraflı məlumat əldə ediblər.
Proqram çərçivəsində əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə açıq havada voleybol yarışı, stolüstü oyunlar və digər idman-əyləncə xarakterli fəaliyyətlər təşkil olunub. Birgə nahar süfrəsi ətrafında aparılan səmimi fikir mübadiləsi kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin, əməkdaşlığın və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edib.
Tədbir Mingəçevir Dövlət Universitetində sağlam iş mühitinin, sosial məsuliyyət və ekoloji dəyərlərin təşviqi istiqamətində həyata keçirilən fəaliyyətlərin tərkib hissəsi olmaqla yanaşı, universitetdə "yaşıl kampus" konsepsiyasının və dayanıqlı inkişaf prinsiplərinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
MDU Həmkarlar İttifaqı Komitəsi tərəfindən bu kimi sosial, mədəni və maarifləndirici tədbirlərin təşkili universitet əməkdaşlarının sosial rifahının yüksəldilməsi, sağlam həyat tərzinin təşviqi və kollektiv həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində gələcəkdə də davam etdiriləcəkdir.







