Xəbərlər
İmişli şəhəri 2 nömrəli uşaq bağçasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Azərbaycanın tarixi Zəfərinin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasətin, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin mühüm rolundan bəhs ediblər. Qeyd olunub ki, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə 30 illik torpaq həsrətinə və erməni işğalına son qoyaraq xalqımıza böyük sevinc və qürur yaşadıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərindən söz açılıb.
Tədbirin bədii hissəsində bağçanın balaca fidanları hazırladıqları şeir, mahnı və səhnəcikləri təqdim ediblər. Uşaqlar Vətənə, şəhidlərimizin əziz xatirəsinə, Zəfər Gününə və Müzəffər Ali Baş Komandana həsr olunmuş şeirlər səsləndirərək öz çıxışları ilə tədbirə xüsusi rəng qatıb, qürur və sevinc dolu anlar yaşadıblar.
Tədbir uşaqlarda vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərə bağlılığın və Vətən sevgisinin aşılanması baxımından xüsusi əhəmiyyət daşıyıb.














