Xəbərlər
İmişlidə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə geniş tədbir keçirilib.
Tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbir zamanı çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi həmrəyliyin, milli birliyin və ordumuzun yüksək döyüş qabiliyyətinin tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz gücünü, peşəkarlığını, qəhrəmanlığını və Vətənə bağlılığını bütün dünyaya nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad edib. Bu Qələbə Azərbaycan xalqının milli iradəsinin və dövlətimizin qüdrətinin təntənəsidir.
Daha sonra çıxış edən Milli məclisin deputatı Səyyad Arran Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əldə olunmasında Azərbaycan əsgər və zabitlərinin göstərdiyi misilsiz fədakarlıqdan, döyüş meydanında nümayiş etdirdikləri şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edib. O, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, qazilərimizin göstərdiyi igidliyin isə gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Kürdmahmudlu kənd tam orta ümumtəhsil məktəbinin hərbi rəhbəri, polkovnik-leytenant Mansur Cahangirov özünün hərbi xidmət və döyüş təcrübəsindən danışıb. O, 2016-cı ilin Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolunu, döyüş yoldaşları ilə birlikdə yaşadığı çətin və məsuliyyətli anları, Azərbaycan əsgərinin əzmkarlığını və Vətən uğrunda mübarizə əzmini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Öz xatirələrini bölüşən hərbi rəhbər torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizədə əsgər və zabitlərimizin nümayiş etdirdiyi qəhrəmanlığın hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulayıb.
Çıxışlarda xüsusi olaraq qeyd edilib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə yalnız hərbi uğur deyil, həm də Azərbaycan xalqının milli birliyinin, həmrəyliyinin, dövlətə və Vətənə sədaqətinin parlaq təzahürüdür. Bu Zəfər tariximizin şanlı səhifəsi olmaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm mənəvi örnəkdir.
Tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edərək onların qəhrəmanlığının heç zaman unudulmayacağını bildiriblər.
8 Noyabr – Zəfər Günü xalqımızın qürur, şərəf və qalibiyyət tarixidir. Bu tarixi bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə sağlamlıq arzulayırıq.
Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, üçrəngli bayrağımız daim zirvələrdə olsun!


















