Xəbərlər
Müəllim əməyinə qayğı.

Gənc nəslin cəmiyyətə layiqli vətəndaş kimi formalaşmasında müəllim əməyinin əvəzsiz rolu vardır. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü və dəstəyi ilə 02 oktyabr 2025-ci il tarixində Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində ETİHİ Quba Rayon Komitəsi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə uzaq dağ zonalarında fəaliyyət göstərən, həmçinin sertifikasiya nəticələri yüksək olan bir sıra müəllimlər üçün tədbir təşkil etmişdir. Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitə sədrinin müşaviri Vüsal Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədovun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevin təbriklərini müəllimlərə çatdıraraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Quba rayonu üzrə Təhsil sektorunun nümayəndəsi Nərmin Bilalova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba Rayon Komitəsinin sədri Vüsalə Kərimova və fəal təhsil işçiləri müəllim əməyinin cəmiyyətdəki rolu və dəyəri barədə öz fikirlərini bölüşmüşlər. Tədbirin sonunda fəal təhsil işçiləri müxtəlif hədiyyələr, gül dəstələri və təşəkkürnamələrlə təltif olunmuşdur. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba Rayon Komitəsi mütəmadi olaraq təhsil işçilərinin əməyinin dəyərləndirilməsini diqqət mərkəzində saxlayacaqdır.
Millətimizin övladlarına, gənc nəslə göstərdiyiniz sevgi və məsuliyyətli fəaliyyətiniz üçün sizə təşəkkür edirik, əziz müəllimlər!










