Xəbərlər
Müəllimə göstərilən hörmət, gələcəyimizə,təhsilə göstərilən hörmətdir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi olaraq Atif Qasımov adına Zəlimxan kənd tam orta məktəbinin müəlliməsi, kollektivin böyük hörmət və ehtiram bəslədiyi Afaq Səfərovanı yubileyi münasibətilə təbrik etdik.
Müəllimlik yalnız bilik öyrətmək deyil, həm də insan yetişdirmək, gələcək nəsillərin formalaşmasına töhfə vermək, öz peşəsinə sevgi və məsuliyyətlə yanaşmaqdır. Afaq müəllimə uzun illər ərzində pedaqoji fəaliyyəti, peşəkarlığı, zəhmətkeşliyi və müəllim adına layiq davranışı ilə bu müqəddəs peşənin dəyərini öz fəaliyyəti ilə nümayiş etdirən ziyalılarımızdandır. Onun həmkarları və məktəb rəhbərliyi tərəfindən böyük hörmətlə qarşılanması, ətrafındakı insanların rəğbətini qazanması illər ərzində göstərdiyi fədakarlığın və səmimi münasibətin bariz nümunəsidir.
Yubiley münasibətilə keçirilən görüşdə müəllim əməyinin cəmiyyətimiz üçün əvəzsiz əhəmiyyəti, təhsil işçilərinə göstərilən diqqət və qayğının vacibliyi, onların sosial müdafiəsinin gücləndirilməsində həmkarlar ittifaqlarının rolu barədə fikir mübadiləsi aparıldı. Görüş iştirakçıları həmkarlar ittifaqı fəaliyyətində müşahidə olunan müsbət dəyişiklikləri, üzvlərin müraciətlərinə həssas yanaşılmasını və onların ehtiyaclarının diqqətdə saxlanılmasını yüksək qiymətləndirdilər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi üçün hər bir üzvümüz dəyərlidir! Bizim fəaliyyətimizin əsas istiqaməti üzvlərimizin əmək və sosial hüquqlarının qorunması, onların problemlərinin dinlənilməsi, ehtiyaclarının imkanlar daxilində qarşılanması və hər bir təhsil işçisinin özünü həmkarlar ailəsinin dəyərli bir üzvü kimi hiss etməsidir. İnanırıq ki, həmkarlar ittifaqının gücü üzvlərinə göstərdiyi diqqətdə, onların etimadını doğrultmaqda və hər zaman yanlarında olmaqda təzahür edir.
Ağstafa Rayon Komitəsi olaraq təhsil işçilərinin əməyinə verilən dəyəri yalnız əlamətdar günlərdə deyil, gündəlik fəaliyyətimizdə də göstərməyi özümüzə borc bilirik. Çünki müəllimə göstərilən hörmət, əslində, gələcəyimizə, təhsilə və cəmiyyətimizin mənəvi dəyərlərinə göstərilən hörmətdir.





