Xəbərlər
Müəllimə verilən dəyər

Elm və təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən, pedaqoji kollektiv və şagirdlər arasında böyük hörmət qazanan riyaziyyat müəllimi Əhmədova Gülçöhrə Vilayət qızının 65 illik yubileyi Ağstafa şəhər Asif Abdullayev adına
2 nömrəli tam orta məktəbin kollektivi tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin sədri, məktəbin rəhbərliyi, müəllim kollektivi iştirak etmişdir. Tədbirdə iştirak edənlər Gülçöhrə xanımın uzun illər ərzində təhsil sahəsində göstərdiyi fədakar əməyindən, peşəkarlığından, gənc nəslin təlim-tərbiyəsində oynadığı mühüm roludan bəhs etmiş, onun zəngin pedaqoji təcrübəsini yüksək qiymətləndirmişlər.
Yubiley tədbirində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva çıxış edərək yubilyarı əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik etmiş, ona möhkəm cansağlığı, uzun ömür arzulamışdır.
Tədbirin sonunda Gülçöhrə Əhmədova təhsil sahəsində uzunmüddətli, vicdanlı və səmərəli fəaliyyətinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağstafa Rayon Komitəsi tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
Sonda yubilyar göstərilən diqqət və qayğıya görə təşkilatçılara və kollektivə dərin minnətdarlığını bildirmişdir.







