Xəbərlər
“Müəllimlər Günü”nü ömrünü təhsilə və əməyə həsr etmiş müəllimlərlə qeyd etdik

Bu gün “Müəllimlər Günü”nü ömrünü təhsilə və əməyə həsr etmiş həmkarlarımızla qeyd etdik.
ETİHİ Nərimanov RK olaraq çalışma yaş həddinə çatmış ittifaq üzvlərimizi bir araya gətirdik. Onlar üçün bu görüş sadəcə bir təbrik deyil, illər boyu verdikləri əməyə göstərilən diqqətin səmimi ifadəsi oldu. Söhbətimizdə hər bir iştirakçı öz uzunmüddətli peşə fəaliyyətindən maraqlı xatirələrini, qəlbindən keçən arzularını və bu gün müəllimlik yoluna yeni başlayan həmkarlarına tövsiyələrini bölüşdü.
Sonra səmimi çay süfrəsi arxasında söhbətimiz davam etdi. Müxtəlif müəssisələrdən gələn həmkarlarımızın bir-birini tanıması, xatirələrini bölüşməsi və yeni ünsiyyətlər qurması görüşə tamam başqa bir ab-hava qatdı. Sanki fərqli ünvanlardan gələn insanlar eyni böyük ailənin üzvləri olduqlarını bir daha hiss etdilər.
Biz də komitəmiz adından onlara ən gözəl arzularımızı çatdırdıq:
bundan sonrakı illərdə daha çox sağlamlıq, rahatlıq, ailələri və nəvələri ilə xoş vaxt keçirmək, onlara nağıllar danışmaq, kitablar oxumaq və yeni nəslin dünyagörüşünə öz töhfələrini vermək…Çünki insanın akademik inkişafı da, həyata marağı da heç vaxt bitmir. Öyrənmək və öyrətmək üçün yaş həddi yoxdur.
Görüşün sonunda iştirakçıların “belə bir tədbirin keçirilməsinə çox sevindik” sözləri isə bizim üçün ən gözəl təşəkkür oldu..
Sizin əməyiniz keçmişdə qalan bir tarix deyil. Siz hələ də bu böyük təhsil ailəsinin bir parçasısınız!
Bu görüşün ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə 258 nömrəli tam orta məktəbin rəhbərliyinə və kollektivinə minnətdarlığımızı bildiririk..
Müəllimlər Gününüz mübarək!








