Xəbərlər
Müəllimlər üçün növbəti istirahət səfəri təşkil olundu

Təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və kollektiv həmrəyliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam edir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay rayonu Mübariz Məmmədov adına Potu kənd tam orta ümumtəhsil məktəbinin müəllim kollektivi üçün istirahət səfəri təşkil olunub.
Səfər müəllimlərə gündəlik pedaqoji fəaliyyətin gərgin tempindən qısa müddət də olsa uzaqlaşmaq, mənalı istirahət etmək və təbiətin gözəllikləri fonunda xoş anlar yaşamaq imkanı yaradıb. Eyni zamanda, bu cür səfərlər kollektiv üzvləri arasında qarşılıqlı hörmətin, səmimi münasibətlərin və həmrəylik ruhunun daha da möhkəmlənməsinə mühüm töhfə verir.
İştirakçılar səfər boyu xoş təəssüratlar əldə edib, maraqlı söhbətlər aparıb, birlikdə keçirdikləri vaxtın kollektiv münasibətlərinə müsbət təsir göstərdiyini vurğulayıblar. Müəllimlər bu təşəbbüsü onların əməyinə verilən dəyərin və göstərilən diqqətin növbəti təzahürü kimi qiymətləndirərək, yaradılan şəraitə görə ETİHİ Göyçay Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.





