Xəbərlər
“Müəllimləri tanıdırıq, uğurlarını paylaşırıq” layihəsi

Bəzən bir müəllimin həyat hekayəsi onun keçdiyi dərslərdən daha çox şey öyrədir…ETİHİ Nərimanov Rayon Komitəsinin müəllim əməyinin tanıdılması, pedaqoqların peşə fəaliyyətinin və uğurlarının ictimaiyyətə çatdırılması məqsədilə həyata keçirdiyi “Müəllimləri tanıdırıq, uğurlarını paylaşırıq” layihəsinin növbəti qəhrəmanını bu dəfə xüsusi bir məqamda təqdim edirik.
Tarixi Zəfərimizin 6-cı ildönümünü qeyd etməyə hazırlaşdığımız bu günlərdə layihəmizin qəhrəmanı həmkarımız, Vətən uğrunda canından keçmiş şəhidimizin həyat yoldaşı, Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin fizika müəllimi Cəfərova Vüsalə Musa qızıdır.
Fizika bizə təbiət qanunlarını, qüvvəni, hərəkəti, enerjini öyrədir. Müəllimlik isə bütün bu biliklərin arxasında insan yetişdirmək kimi böyük bir məsuliyyət daşıyır. Vüsalə xanım sinif otağında şagirdlərinə yalnız fizikanın qanunlarını deyil, öyrənməyin, araşdırmağın, sual verməyin və düşünməyin dəyərini aşılayır.
Onun həyat hekayəsində isə müəllimlikdən əlavə, böyük bir sədaqət, ana sevgisi və həyat qarşısında əyilməyən iradə var. Vüsalə xanım Şəhid Cəfərov Mətləb Məhəmməd oğlunun həyat yoldaşıdır. O, şəhid əmanətlərini böyüdən ana, şagirdlərinin gələcəyinə işıq tutan müəllimdir.
Hər bir insanın öz hekayəsi var. Bəzilərinin hekayəsi isə yalnız şəxsi həyatına deyil, ətrafındakı insanların düşüncələrinə və dəyərlərinə də toxunur.
Biz istədik ki, Vüsalə xanımın timsalında zəhməti, peşəsinə bağlılığı və həyat mövqeyi ilə seçilən müəllimlərimizi daha yaxından tanıdaq.
Hər bir müəllimin əməyi,təcrübəsi və həyat yolu hörmətə və yüksək qiymətə layiqdir.



