Xəbərlər
“Müəllimləri tanıdırıq – uğurlarını paylaşırıq” rubrikası

Bu gün “Müəllimləri tanıdırıq – uğurlarını paylaşırıq” layihəmizin növbəti qonağı Hüseynov Elbrus Mirzəqulu oğludur.
Elbrus müəllim uzun illərdir ki, pedaqoji fəaliyyəti ilə şagirdlərin bilik və dünyagörüşünün formalaşmasına töhfə verən, öz peşəsinə məsuliyyət və sevgi ilə yanaşan müəllimlərimizdəndir. O, yalnız riyaziyyat müəllimi kimi deyil, eyni zamanda intellektual inkişafı, məntiqi düşüncəni və sağlam rəqabət ruhunu təşviq edən bir ziyalı kimi də fərqlənir.
Sevindirici haldır ki, Elbrus müəllim ümummilli liderimiz - Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nərimanov rayon məktəbləri arasında təşkil edilən şahmat yarışlarında həm məktəb, həm də rayon mərhələsinin qalibi olmuşdur. Bu il isə Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yarışda yenidən qalib gələrək rayonlararası mərhələyə vəsiqə qazanmış, Sumqayıt şəhərində keçirilən mərhələdə rayonumuzu layiqincə təmsil etmişdir.
Bu uğur bir daha göstərir ki, müəllim yalnız sinif otağında deyil, həyatın müxtəlif sahələrində də örnək ola bilir. Belə müəllimlərin fəaliyyəti gənc nəslə motivasiya verir, həmkarları arasında müsbət nümunə formalaşdırır və təhsil mühitində sağlam inkişaf ənənələrini gücləndirir.
İnanırıq ki, “Müəllimləri tanıdırıq – uğurlarını paylaşırıq” layihəsi vasitəsilə belə dəyərli müəllimlərimizin fəaliyyətinin ictimailəşdirilməsi gələcəkdə bu cür uğurlu, təşəbbüskar və fəal müəllimlərin sayının artmasına da öz müsbət təsirini göstərəcəkdir.
Elbrus müəllimə gələcək fəaliyyətində yeni nailiyyətlər, möhkəm can sağlığı və daha böyük uğurlar arzulayırıq!



