Xəbərlər
“Müəllimlərimizi tanıyaq və tanıdaq” layihəsi çərçivəsində dəyərli pedaqoqlarımızı ictimaiyyətə təqdim etməyə davam edirik

Növbəti qəhrəmanımız Salihova Səidə İlqar qızı 24 aprel 1986-cı ildə Göyçay rayonunda anadan olmuşdur.İlk təhsilini akademik Ziya Bünyadov adına 3 saylı tam orta məktəbdə almış,2003-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuş, 2003–2007-ci illərdə bakalavr pilləsində təhsil almışdır. 2007–2009-cu illərdə isə həmin universitetdə magistratura təhsilini davam etdirərək fərqlənmə diplomu ilə məzun olmuşdur.
2021-ci ildə Müəllimlərin işə qəbulu imtahanında biologiya fənni üzrə respublika üzrə ən yüksək nəticələrdən birini göstərərək 57 bal toplamış və təhsil aldığı doğma məktəbdə pedaqoji fəaliyyətə başlamışdır.
2025-ci ildə keçirilən müəllimlərin sertifikasiya imtahanında da yüksək peşəkarlıq nümayiş etdirərək maksimum nəticə – 60 bal toplamışdır. Bu uğur onun bilik və bacarığının, öz üzərində daim işləməsinin bariz nümunəsidir.
Səidə müəllim yalnız əldə etdiyi nailiyyətlərlə kifayətlənməyərək daim öz üzərində çalışan pedaqoqlardandır. O, “Differensial təlim”, “Süni intellekt təlimi” və “Sinfin idarə olunması təlimi” proqramlarında iştirak edərək peşəkar inkişafını davam etdirmişdir.
İşinə böyük məsuliyyət və sevgi ilə yanaşan, şagirdlərinin inkişafını daim diqqətdə saxlayan gənc müəllim kimi Səidə müəllimə həm pedaqoji kollektivin, həm də şagird və valideynlərin rəğbətini qazanmışdır.
2025-ci ildə göstərdiyi səmərəli fəaliyyətə görə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Həmkarlar ittifaqı olaraq gənc və perspektivli müəllimimizlə qürur duyur, Səidə müəllimə gələcək pedaqoji fəaliyyətində yeni nailiyyətlər və davamlı uğurlar arzulayırıq.



