Xəbərlər
Müəllimlikdən Vətən Xidmətinədək Şərəfli Ömür Yolu

Bu gün uzun illər pedaqoji fəaliyyət göstərmiş, vətənpərvər ziyalı, dəyərli müəllim İntiqam Əziz oğlu Əsədovun 65 illik yubileyidir.
İntiqam müəllim 1987-ci ildən etibarən təhsil sahəsində fəaliyyətə başlayaraq gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinə, onların bilik və bacarıqlarının formalaşdırılmasına böyük əmək sərf etmişdir.
1992–1995-ci illərdə Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş, Vətənin müdafiəsi uğrunda şərəflə xidmət göstərmişdir. Müəllimlik fəaliyyəti ilə yanaşı, hər zaman xalqına və dövlətinə sədaqətlə xidmət etmişdir.
Ərəb, fars və rus dillərini mükəmməl bilən İntiqam müəllim Azərbaycan tarixinin öyrənilməsi və təbliği istiqamətində mühüm işlər görmüş, ərəb və fars dillərindən tərcümə etdiyi və nəşr etdirdiyi dəyərli əsərlərlə tarixşünaslığımıza töhfələr vermişdir. Onun müəllifi və tərcüməçisi olduğu kitablar tariximizin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
İntiqam müəllim uzun illər Ağdam Döyüş Şöhrəti Muzeyinə rəhbərlik etmiş, şəhidlərimizin qəhrəmanlıq salnaməsinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində əvəzsiz xidmətlər göstərmişdir. Həmçinin ölkəmizə ilk humanitar yardımların gətirilməsində fəal iştirak etmişdir.
Bu gün onun yetişdirdiyi yüzlərlə şagird Azərbaycanın və dünyanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrində təhsil alır, müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Bu isə müəllimin ən böyük nailiyyəti və qürur mənbəyidir.
Hörmətli İntiqam müəllim!
65 illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Təhsilimizin inkişafı və gənc nəslin yetişdirilməsi naminə göstərdiyiniz xidmətlər hər zaman yüksək qiymətləndiriləcəkdir.
Yubileyiniz mübarək!




