Xəbərlər
MÜƏLLİM ƏMƏYİNƏ DƏYƏR

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 60 yaşını tamamlayan təhsil işçilərinə həsr olunan görüşlər davam edir. Bu çərçivədə Komitənin fəaliyyət dairəsinə daxil olan 31 saylı tam orta ümumtəhsil məktəbində yubilyar müəllimlərlə səmimi görüş keçirilib.
Tədbirdə illərini təhsil sahəsinə həsr etmiş, şagirdlərin elmə, biliyə və vətənə sevgi ruhunda formalaşmasında mühüm rol oynamış müəllimlərin zəhmətindən söz açılıb. Onların peşəsinə bağlılığı, müəllim adına göstərdikləri sədaqət və gənc nəslin yetişməsinə verdikləri töhfələr böyük ehtiramla qeyd olunub.
Görüş zamanı müəllimlərin keçdiyi mənalı həyat yolu, pedaqoji fəaliyyət illəri və yadda qalan xatirələri xüsusi maraqla dinlənilib. Səmimi söhbətlər və duyğulu anlarla yadda qalan tədbirdə müəllim əməyinin cəmiyyət üçün əvəzsiz olduğu bir daha vurğulanıb.
Tədbirin sonunda yubilyar müəllimlərə Fəxri Fərmanlar və xatirə hədiyyələri təqdim olunub. Müəllimlər göstərilən diqqət və qayğıya görə təşkilatçılara səmimi minnətdarlıqlarını ifadə ediblər.







