Xəbərlər
Müqəddəs Ramazan ayı münasibətilə ETİHİ Qubadlı rayon Komitəsinin təşkilatçılığı ilə iftar süfrəsi təşkil olunmuşdur.

Müqəddəs Ramazan ayı münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qubadlı rayon Komitəsinin təşkilatçılığı ilə iftar süfrəsi təşkil olunmuşdur. Tədbirdə təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, məktəb rəhbərləri və İlk həmkarlar Təşkilatının sədrlərinin iştirakı ilə ümumilikdə 120 nəfər iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Sonra ETİHİ Qubadlı rayon Komitəsinin sədri Möhlət Orucov qonaqları salamlayaraq mənəvi paklıq, mərhəmət və şəfqət ayı olan Müqəddəs Ramazan ayında xalqımıza və dövlətimizə xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə can sağlığı arzulayıb, tutulan orucların, edilən duaların və niyyətlərin qəbul edilməsini diləyib.
Daha sonra din xadimləri çıxış edərək Qurani-Kərimdən ayələr səsləndirib Müqəddəs Ramazan ayının mənəvi əhəmiyyətindən danışıblar. İftar süfrəsində Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının ruhlarına dualar oxunub.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverdi Haqverdiyev, Qubadlı rayon Təhsil Sektorunun müdiri Müşfiq Hüseynov Ramazan ayının insan həyatında tutduğu xüsusi yer, səbr, mərhəmət və paylaşma kimi ali dəyərlər barədə çıxışlar edərək belə görüşlərin cəmiyyətimizdə həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirdilər.
Sonda şəhid ailələri və tədbir iştirakçıları belə tədbirlərin cəmiyyətin mənəvi dəyərlərinin qorunması və insanların bir araya gəlməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd etmişlər.















