“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

29/10/2026, 10:00
xeber1

Oktyabrın 28-də ETİHİ Xətai Rayon Komitəsinin təşəbbüsü ilə Bakı şəhəri Xətai rayonu 86 nömrəli tam orta məktəbdə “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri və gənc müəllimləri iştirak ediblər.


İlk olaraq tədbirin mövzusu və aktuallığı barədə iştirakçılara məlumat verilib. Daha sonra çıxış edən ETİHİ Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov tədbirin əsas məqsədinin gənc nəslin narkomaniyanın yaratdığı təhlükələr barədə məlumatlılığını artırmaq, narkotik vasitələrin qanunsuz dövriyyəsinin cəmiyyət və insan sağlamlığı üçün doğurduğu ciddi fəsadları diqqətə çatdırmaq, şagirdlər arasında sağlam həyat tərzini təşviq etmək və məsuliyyətli davranışın formalaşmasına töhfə vermək olduğunu bildirib.


Tədbir çərçivəsində iştirakçılara narkomaniyanın insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına mənfi təsirləri, narkotik vasitələrdən istifadənin ağır nəticələri, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Xüsusilə yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmasının, asudə vaxtlarını səmərəli təşkil etməsinin, düzgün həyat seçimləri etməsinin və mənfi təsirlərə qarşı qətiyyətli mövqe nümayiş etdirməsinin vacibliyi vurğulanıb.


Tədbirdə çıxış edən məktəbin direktoru Günel Səmədova mövzunun cəmiyyət üçün aktuallığını qeyd edərək, gənclərin sağlam və təhlükəsiz mühitdə yetişməsinin, onların fiziki və mənəvi inkişafının qorunmasının mühüm əhəmiyyət daşıdığını bildirib.


Tədbirdə Xətai Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik iş üzrə baş inspektoru, polis kapitanı Elnur Muxtarov da iştirak edib. O, çıxışı zamanı şagirdlərə və gənc müəllimlərə narkotik vasitələrin qanunsuz dövriyyəsinin hüquqi və sosial nəticələri, yeniyetmələrin bu cür təhlükələrdən qorunması, hüquq pozuntularının qarşısının alınması və profilaktik tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumat verib.


Çıxışlar zamanı xüsusi olaraq vurğulanıb ki, narkomaniyaya qarşı mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin, təhsil müəssisələrinin, ailələrin və hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifədir. Gənclərin bu istiqamətdə maarifləndirilməsi, onlarda sağlam düşüncə tərzinin formalaşdırılması və zərərli vərdişlərdən qorunması məqsədilə birgə və ardıcıl fəaliyyətin həyata keçirilməsinin zəruriliyi qeyd olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: