Xəbərlər
"Narkomaniya və narkotiklərlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusu çərçivəsində "Narkomaniyaya YOX deyək!" adlı maarifləndirici tədbir keçirilib.

14 oktyabr 2025-ci il tarixində ETİHİ Salyan Rayon Komitəsinin təşkilatçılığı ilə Salyan şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində "Narkomaniya və narkotiklərlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusu çərçivəsində "Narkomaniyaya YOX deyək!" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova, Salyan RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Ramin Qasımov və qurumun inspektoru, polis baş leytenantı Nihat Həsənli, məktəbin yuxarı sinif şagirdləri və gənc müəllimləri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra Aynur Əsgərova mövzu ilə əlaqədar məruzə ilə çıxış edərək bu sahədə ölkəmizdə görülən işlər, qəbul edilmiş Dövlət Proqramı barədə məlumat verib.
Tədbirdə Daxili İşlər Nazirliyinin təqdim etdiyi maarifləndirici videoçarxlar şagirdlərə nümayiş etdirilmiş, ardınca polis əməkdaşları şagirdlərə mövzu ilə əlaqədar öz tövsiyələrini verib, onların suallarını cavablandıriblar.













