Xəbərlər
Narkomaniyanın fəsadları müzakirə edilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan İlqar İbrahimov adına 167 nömrəli tam orta ümumtəhsil məktəbində “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Görüşün əsas məqsədi yeniyetmə və gəncləri bu ağır sosial bəlanın fəsadları barədə məlumatlandırmaq, zərərli vərdişlərə qarşı profilaktik işi gücləndirmək və sağlam həyat tərzini təbliğ etməkdir.
Tədbirdə ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli, komitənin aparıcı məsləhətçisi Leyla Həmzəyeva, məktəbin direktoru Taleh Quliyev, təhsil ocağının müəllim heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. Maarifləndirici görüşə ekspert qismində Bakı Şəhər Narkoloji Mərkəzinin psixoloqu Günay Babayeva və Yasamal Rayon İcra Hakimiyyəti yanında Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev də qatılıblar.
Tədbiri giriş sözü ilə açan 167 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Taleh Quliyev qonaqları salamlayaraq, məktəblilərin zərərli vərdişlərdən qorunması istiqamətində təhsil ocağı ilə həmkarlar ittifaqının birgə təşəbbüslərinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, şagirdlərin hərtərəfli inkişafı və sağlam mühitdə böyüməsi pedaqoji kollektivin əsas vəzifələrindəndir.
Ardınca çıxış edən ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli gənc nəslin fiziki və mənəvi sağlamlığının qorunmasının dövlət və cəmiyyət üçün prioritet məsələ olduğunu bildirib. O vurğulayıb: “Gənclər ölkəmizin gələcəyidir və onların sağlam düşüncəli, bilikli və vətənpərvər ruhda yetişməsi hamımızın ortaq məsuliyyətidir. Məktəblilər enerjilərini təhsilə, idmana və şəxsi inkişafa yönəltməli, gələcəklərini məhv edə biləcək zərərli vərdişlərə qətiyyətlə "yox" deməlidirlər”.
Daha sonra söz alan Bakı Şəhər Narkoloji Mərkəzinin psixoloqu Günay Babayeva narkotik maddələrin yeniyetmə orqanizminə və psixikasına vurduğu ağır zərbələrdən bəhs edib. Psixoloq bildirib: “Yeniyetməlik dövrü emosional dəyişikliklərin ən həssas mərhələsidir və bu vaxt yanlış çevrənin təsirinə düşmək riski artır. Unutmaq olmaz ki, narkotik maddələr heç bir problemin həlli deyil, əksinə, insanı çıxılmaz vəziyyətə salan asılılıqdır. Çətin anlarda doğru məsləhət almaq üçün valideynlərə, müəllimlərə və mütəxəssislərə üz tutmaq lazımdır”.
Yasamal Rayon İcra Hakimiyyəti yanında Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ölkəmizdə həyata keçirilən sistemli tədbirlər və qanunvericiliyin tələbləri barədə danışıb. Rasim Əliyev diqqətə çatdırıb: “Narkotik asılılığı insanın həm sağlamlığını, həm də sosial həyatını uçuruma aparan ən təhlükəli bəladır. Hər bir yeniyetmə bu problemin törətdiyi hüquqi məsuliyyəti və acı nəticələri aydın şəkildə bilməli, ətrafındakı zərərli çağırışlara uymamalıdır”.
Böyük maraqla qarşılanan görüş açıq fikir mübadiləsi formatında davam edib. Sonda məktəblilərin mövzu ətrafındakı çoxsaylı sualları mütəxəssislər tərəfindən cavablandırılıb və şagirdlərə sağlam həyat tərzi ilə bağlı tövsiyələr verilib.













