Xəbərlər
Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il üzrə müvafiq tapşırığına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin tədbirlər planına uyğun olaraq, gənclər arasında narkomaniyaya qarşı maarifləndirmə işinin gücləndirilməsi məqsədilə 13 oktyabr 2025-ci il tarixində Qobu qəsəbə 1 nömrəli tam orta məktəbdə “Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri məktəbin direktoru Şərəf Qasımova açıq elan edərək iştirakçıları salamlamış, tədbirin əhəmiyyətindən danışmış, narkomaniyanın gənclərin sağlamlığına və gələcəyinə vurduğu zərərdən bəhs etmişdir. Direktor çıxışında məktəblərdə gənclərin zərərli vərdişlərdən uzaq, məsuliyyətli və sağlam həyat tərzi formalaşdırmasının vacibliyini vurğulamış, belə tədbirlərin davamlı keçirilməsinin önəmini qeyd etmişdir.
Daha sonra psixoloq Ağarızayeva Gövhər geniş çıxış edərək gənclər arasında narkomaniyanın yaranma səbəbləri, psixoloji asılılığın mexanizmləri və onun fəsadları barədə ətraflı məlumat vermişdir. Psixoloq qeyd etmişdir ki, narkotik vasitələr yalnız insanın fiziki sağlamlığını deyil, eyni zamanda onun düşüncə tərzini, iradəsini, emosional sabitliyini və sosial münasibətlərini ciddi şəkildə zədələyir.
O bildirib ki, bir çox hallarda gənclər maraq, təsir altında qalma, özünü təsdiq etmə istəyi və ya stressdən qaçmaq məqsədilə bu təhlükəli yola düşürlər. Lakin narkotik maddələrin istifadəsi insanın şəxsiyyətini, ailə münasibətlərini və gələcək həyatını məhv edir.
Ağarızayeva Gövhər çıxışında həmçinin valideynlərin və müəllimlərin məsuliyyətini xüsusi vurğulamış, onların uşaqlarla etibarlı və açıq ünsiyyət qurmasının vacibliyini qeyd etmişdir. O, məktəbdə sağlam psixoloji mühitin yaradılmasının, gənclərin maraqlarının düzgün istiqamətləndirilməsinin və asudə vaxtlarının səmərəli təşkili üçün mütəmadi tədbirlərin keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Psixoloq həmçinin narkomaniyadan qorunmanın əsas yolları kimi idmanla məşğul olmağı, sosial fəallığı artırmağı, düzgün dost çevrəsi seçməyi, psixoloji stresslə mübarizə bacarıqlarının inkişafını sadalamış və şagirdləri bu istiqamətdə daha məsuliyyətli olmağa çağırmışdır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov çıxışında narkomaniyaya qarşı mübarizənin yalnız hüquqi və tibbi deyil, həm də mənəvi-ictimai məsələ olduğunu qeyd etmişdir. O, həmkarlar ittifaqlarının gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində gördüyü işlərdən danışmış, məktəblərdə bu cür maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulamışdır.
Tədbirdə çıxış edən Rayon Komitəsinin əməkdaşı Könül Nəcəfova isə mövzu ilə bağlı faktlar və statistik göstəricilər əsasında narkotik vasitələrin yayılmasının cəmiyyət üçün yaratdığı təhlükələrdən danışmış, gəncləri hər cür zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi seçməyə səsləmişdir.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı fikir mübadiləsi aparmış, narkomaniyaya qarşı mübarizənin təkcə dövlət qurumlarının deyil, hər bir vətəndaşın mənəvi borcu olduğu vurğulanmışdır. Tədbir mövzuya həsr olunmuş maarifləndirici videoçarxın nümayişi ilə yekunlaşmışdır.










