Xəbərlər
“Narkomaniyaya YOX deyək!” mövzusunda tədbir keçirilib

“Narkomaniyaya YOX deyək!” mövzusunda Yevlax Rayonu X.Məmmədov adına Aşağı Qarxun kənd tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirilib.
Gənc nəslin sağlam böyüməsi, zərərli vərdişlərdən qorunması və cəmiyyətdə sağlam mühitin formalaşdırılması məktəbimizin hər zaman diqqət mərkəzində olub. Bu məqsədlə məktəbimizdə 9, 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə geniş maarifləndirici görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktor səlahiyyətlərini icra edən Ülviyyə Əfəndiyeva mövzunun aktuallığını vurğulayaraq, yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərə sadiq, sağlam ruhda tərbiyə olunmasının vacibliyindən bəhs edib.
Məktəbin psixoloqu Zeynəb Rəşidzadə narkomaniya asılılığının psixoloji tərəfləri, yeniyetmələrin bu tələyə düşmə riskləri və daxili iradənin qorunması yolları barədə danışıb.
Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Yusifov Elşən şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, idman və sosial layihələrə cəlb olunmasının bu cür neqativ halların qarşısının alınmasındakı rolunu qeyd edib.
Həmçinin məktəbin UBTR-i Xəyalə Rzayeva "Uşaq hüquqları aylığı" çərçivəsində şagirdlər qarşısında çıxış edərək hər bir uşağın sağlam mühitdə böyümək hüququ olduğunu xatırladaraq narkomaniyanın bu hüquqları və parlaq gələcəyi necə məhv etdiyini şagirdlərin nəzərinə çatdırıb.Bütün məktəbliləri öz hüquqlarına sahib çıxmağa, hər zaman ayıq-sayıq olmağa, zərərli vərdişlərdən uzaq durmağa və sağlam həyat tərzini seçməyə səslədirib.









