Xəbərlər
Naxçıvan Dövlət Universitetində bədii yaradıcılıq müsabiqə-festivalının seçim turları keçirilib

Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsi çərçivəsində növbəti seçim turu Naxçıvan Dövlət Universitetində keçirilib.
Açılış mərasimində əvvəlcə tələbələrin rəsm və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında müsabiqə-festivalın artıq ənənəvi xarakter aldığını vurğulayaraq, bu cür tədbirlərin tələbələrin istedadlarının üzə çıxarılmasında və milli-mədəni dəyərlərin təbliğində mühüm rol oynadığını bildirib.
Tədbir universitetin Xor kollektivinin və Musiqi Kollecinin “Aşıqlar Qrupu”nun çıxışları ilə davam edib. Daha sonra müsabiqəyə start verilib. İştirakçılar vokal, bədii qiraət, saz, rəqs və müxtəlif musiqi alətləri üzrə çıxış edərək bacarıqlarını nümayiş etdiriblər.
Festivalın yaddaqalan anlarından biri Xalq artisti Gülyanaq Məmmədova ilə istedadlı tələbənin birgə ifası olub.
Qeyd edək ki, müsabiqə müxtəlif nominasiyalar üzrə keçirilir və bütün mərhələləri uğurla başa vuran iştirakçılar yekun konsertdə çıxış etmək hüququ qazanacaqlar.
Eyni zamanda, müsabiqə çərçivəsində münsiflər heyəti tərəfindən tələbələr üçün ustad dərsləri təşkil olunub.













