“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İnçə kənd məktəbində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

05/11/2026, 15:30
xeber1

Göyçay rayonu Rəhman Babayev adına İnçə kənd tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə geniş tədbir keçirilib.


Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.


İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə çıxış edən müəllimlər 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının qəhrəmanlıq və iradə tarixindəki müstəsna əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın milli birliyinin, sarsılmaz ruhunun və Vətən sevgisinin təntənəsidir.


Çıxışlarda 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi misilsiz qəhrəmanlıqdan, döyüş meydanında nümayiş etdirdikləri şücaət və fədakarlıqdan geniş bəhs olunub. 44 gün davam edən müharibənin 30 ilə yaxın davam etmiş işğala son qoyduğu, xalqımızın tarixi ədaləti bərpa etdiyi xüsusi vurğulanıb.


Tədbirin bədii hissəsində şagirdlər Vətənə, torpağa, qəhrəmanlıq və Zəfərə həsr olunmuş şeirlər söyləyib, vətənpərvərlik ruhunda kompozisiyalar təqdim ediblər. Şagirdlərin ifasında səslənən şeirlər və nümayiş etdirilən ədəbi-bədii çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.


Həmçinin Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib, şagirdlərə Zəfər tariximizin gənc nəslə aşılanmasının, milli-mənəvi dəyərlərin qorunmasının və vətənpərvərlik ruhunun gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.


Qeyd olunub ki, Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş qürur və şərəf günüdür. Bu möhtəşəm Qələbə gələcək nəsillər üçün Vətənə sədaqət, birlik, həmrəylik və milli qürur nümunəsidir.


Tədbir Vətənə məhəbbət, şəhidlərimizin əziz xatirəsinə ehtiram və Zəfərimizin daim yaşadılması çağırışları ilə başa çatıb.


Zəfərimiz əbədi, üçrəngli bayrağımız daim yüksəklərdə olsun!


Qarabağ Azərbaycandır!

Gallery Image

Sosial şəbəkələrdə paylaş: