Xəbərlər
“Nə? Harada? Nə zaman?” oyunu üzrə Tələbələrarası Azərbaycan Kuboku 2025 başa çatıb

26 iyun 2025-ci il tarixində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə keçirilən “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in final mərhələsinə yekun vurulub.
Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) dəstəyi ilə, “Xəzər” İntellektual Gənclər Klubunun təşkilatçılığı əsasında həyata keçirilib.
Ölkənin müxtəlif regionlarını təmsil edən 32 komanda arasında baş tutan final mərhələsində intellektual bilik və komanda ruhu üzrə rəqabət yüksək səviyyədə olub. Final mərhələsinin iştirakçıları Bakı şəhəri də daxil olmaqla ümumilikdə 9 regiondan və 28 ali təhsil müəssisəsindən seçilərək irəliləmiş 278 komanda arasından ən güclülər sırasında yer alıblar. Yarış cari mövsümdə 1800-dən çox tələbəni əhatə edib.
Final nəticələrinə əsasən:
1-ci yer – “Vendetta” komandası (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)
2-ci yer – “Old School” komandası (Azərbaycan Tibb Universiteti)
3-cü yer – “HipHoprat” komandası (Azərbaycan Tibb Universiteti)
Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev iştirak edib. O, çıxışında ölkədə intellektual fəaliyyətlərin gənclər arasında təşviq olunmasının əhəmiyyətindən bəhs edərək, təhsil işçilərinin həmkarlar ittifaqının bu istiqamətdə həyata keçirdiyi layihələrdə iştirakı və dəstəyi ilə bağlı fikirlərini bölüşüb.
Qalib komandalar diplom və xatirə hədiyyələri ilə təltif olunub.
ATİAHİ olaraq, elmə, intellektə və gəncliyə verilən dəyəri dəstəkləməyə davam edirik.











