Xəbərlər
Neftçala məktəblərində "Son Zəng" qeyd edilib

Əlamətdar gün münasibəti ilə məktəblərdə canlanma, şagirdlərdə sevinc ilə qarışıq nisgil hissləri yaranır. Onbirincilər bu günə xüsusi olaraq hazırlaşırlar. Siniflər bir-birindən əlvan bəzədilir, hər kəs bir nəfər kimi ağ köynək geyinir. Həmin köynəklər bir neçə saat sonra arzular və xoş sözlərlə yazılacaq. Küsülülər barışacaq, dostlar qucaqlaşacaq, öz müəllimlərini dövrələrinə alıb bu günü ömürboyu hafizələrinə yazacaqlar.
“Son zəng”in ən önəmli anı birincilərlə məzunların görüşüdür, desək, yanılmarıq. Məzunlar birincilərə həm öz partalarını əmanət edirlər, həm də onların könlünü oxşayan hədiyyələr bağışlayırlar. Balacalar isə bunun müqabilində gül dəstələri bağışlayırlar. Estafet bununla da tamamlanır. Ardınca məktəbin ən balacası “Son zəng”i məktəbin məzununun çiyinlərində çalır. Bununla da iki nəsil yeni bir həyata qədəm qoyur.
Son zənginiz mübarək, əziz məzunlar! Qarşıda sizi böyük uğurlar və gözəl gələcək gözləyir. Yolunuz açıq, arzularınız gerçək olsun!”















