Xəbərlər
Neftçalada 91 yaşlı müəllim ziyarət olunub

“Könüllü qonaq” 91 yaşlı müəllimə baş çəkdi
“Könüllü qonaq” layihəsi çərçivəsində uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş, yüzlərlə şagirdin elmə, biliyə və həyata hazırlanmasında əvəzsiz xidmətləri olan Neftçala rayonu Həsənabad qəsəbəsi Şəmsəddin Orucov adına 1 nömrəli tam orta məktəbin rus dili müəllimi Məmmədova Elvira Mehdi qızının ailəsi ziyarət olunub.
Səmimi və duyğulu ab-havada keçən görüşdə müəllimin müxtəlif illərdə dərs dediyi şagirdlər, uzun illər çiyin-çiyinə çalışdığı həmkarları və yaxınları iştirak ediblər. Çıxış edənlər Elvira müəllimin yüksək peşəkarlığından, zəngin pedaqoji təcrübəsindən, nəcib insani keyfiyyətlərindən, şagirdlərinə göstərdiyi qayğı və diqqətdən bəhs ediblər.
Elvira müəllim də həyat yolundan söhbət açaraq ailəsinin Almaniyadan deportasiya edilərək Azərbaycana köçürülməsindən, eləcə də 31 Mart Soyqırımı dövründə ailəsinin üzləşdiyi ağır faciələrdən danışıb. Onun xatirələri iştirakçılar tərəfindən böyük maraq və duyğusallıqla dinlənilib.
Görüş zamanı Elvira müəllimə uzunillik, nümunəvi pedaqoji fəaliyyətinə, təhsilin inkişafına verdiyi dəyərli töhfələrə görə fəxri fərman, gül dəstəsi və xatirə hədiyyəsi təqdim olunub.
Tədbirin sonunda müəllimin ailəsi göstərilən yüksək diqqət və ehtirama görə dərin minnətdarlıqlarını ifadə edərək, ETİHİ ailəsinə təşəkkürlərini bildiriblər.
“Könüllü qonaq” layihəsi cəmiyyətə örnək olmuş müəllimlərin zəngin həyat və fəaliyyət yolunu gənc nəslə tanıtmaq, onlara göstərilən ehtiramı ifadə etmək və müəllim əməyinə verilən dəyəri yaşatmaq məqsədi daşıyır.









