Xəbərlər
Neftçalada 94 yaşlı müəllimlə görüş keçirilib

“Könüllü qonaq” layihəsi çərçivəsində bu dəfə ömrünün 93-ci ilini qarşılayan, Neftçala rayonu Həsənabad qəsəbə tam orta ümumtəhsil məktəbinin və Mehman Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın riyaziyyat müəllimi olmuş Nəcəfov Bahadır Hacıbaba oğlunun doğum günü tədbirində iştirak etdik.
Bahadır müəllimin 93 yaşı münasibətilə şagirdlərinin təşəbbüsü ilə təşkil olunan görüş doğma və səmimi ab-havası ilə yadda qalıb. Tədbirdə onun yetirmələri – keçmiş şagirdləri və yaxınları iştirak edərək səbəbkara xoş arzularını çatdırıblar. Görüş boyu Bahadır müəllimin həyat və pedaqoji fəaliyyətinə dair maraqlı xatirələr səsləndirilib, keçmiş günlər yad edilib, onun insan və müəllim kimi formalaşdırdığı dəyərlərdən söz açılıb.
Tədbirdə çıxış edən qonaqlar səbəbkarı ürəkdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və doğmalarının əhatəsində xoş günlər arzulayıb. Qeyd edilib ki, müəllim ömrünün ən böyük qazancı yetişdirdiyi şagirdlər, qazandığı hörmət və illər keçsə də, unudulmayan xoş xatirələrdir.
Daha sonra ETİHİ Neftçala rayon Komitəsi tərəfindən Bahadır müəllimə fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub.
Səmimi söhbətlər, xoş xatirələr, gülüş və duyğulu anlarla müşayiət olunan görüş hər kəs üçün əziz və yaddaqalan olub. Bir zamanlar onun sinfində əyləşən şagirdlərin bu gün müəllimlərinin 93 yaşında onunla bağlı xatirələrini bölüşməsi isə tədbirin ən kövrək və qürurverici məqamlarından biri olub.
Əziz Bahadır müəllim, Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sağlam və mənalı ömür arzulayırıq.








