Xəbərlər
Neftçalada “Dövlətə və dövlətçiliyə həsr olunmuş ömür” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyəti ilə seçilən, partiya veteranı Oktay Ərəstun oğlu Kərimovun 75 illik yubileyi münasibətilə “Dövlətə və dövlətçiliyə həsr olunmuş ömür” adlı tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, rayon ictimaiyyətinin nümayəndələri, partiya veteranları, ziyalılar və yubilyarın ailə üzvləri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Oktay Kərimovun həyat və fəaliyyət yoluna nəzər salınıb, foto-kollaj nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev Oktay Kərimovun mənalı ömür yolundan və ictimai-siyasi fəaliyyətindən danışıb. Bildirib ki, yubilyar uzun illər müxtəlif məsul vəzifələrdə dövlətə və xalqa sədaqətlə xidmət edib, rayon təşkilatının yaradıcılarından biri olub, 1999-2006-cı illərdə təşkilata rəhbərlik edib. Onun Ulu Öndər Heydər Əliyevin ideyalarının təbliğində, partiya strukturlarının formalaşdırılmasında və təşkilatın ictimai nüfuzunun möhkəmləndirilməsində xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, Oktay Kərimov bu gün də partiya veteranı kimi rayon təşkilatının fəaliyyətində yaxından iştirak edir, dəyərli məsləhət və tövsiyələrini əsirgəmir.
Neftçala Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev, partiya veteranı Cahangir Abdullayev, “Neftçala- Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva, Aşağı Surra kənd tam orta məktəbin tarix müəllimi Firdovsi Tağıyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin sədri Könül Məmmədova və yubilyarın oğlu Babək Kərimov çıxış ediblər. Çıxış edənlər Oktay Kərimovla bağlı xatirələrini bölüşərək onun işgüzarlığını, dövlətçilik mövqeyini və səmimiyyətini diqqətə çatdırıb, yubilyara möhkəm cansağlığı və uzun ömür arzulayıblar.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Oktay Kərimovu 75 illik yubileyi münasibətilə təbrik edib. O, yubilyarın dövlət idarəçiliyi sahəsindəki fəaliyyətindən, rayonun təhsil, səhiyyə və mədəni həyatının inkişafına göstərdiyi diqqətdən danışıb. Oktay Kərimovun müxtəlif vəzifələrdə çalışarkən insanlara həssas və qayğıkeş münasibəti ilə böyük hörmət qazandığını bildirən rayon rəhbəri ona möhkəm cansağlığı, ailə səadəti və xoş günlər arzulayıb.
Sonda çıxış edən Oktay Kərimov ömür yoluna göstərilən yüksək diqqətə, ünvanlanan səmimi fikirlərə və xoş arzulara görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Tədbir musiqi nömrələri ilə davam edib. Yubiley münasibətilə Oktay Kərimova YAP Neftçala rayon təşkilatının Təşəkkürnaməsi və Neftçala Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub.











