Xəbərlər
Neftçalada “Həmkara dəyər” layihəsi çərçivəsində 6 təhsil işçisinin yubileyi qeyd olunub

“Həmkara dəyər” layihəsi çərçivəsində Neftçala rayonu Sakit Kərimov adına Qədimkənd kənd tam orta ümumtəhsil məktəbində uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş əməkdaşların yubileyləri qeyd olunub. Tədbirdə məktəbin 6 əməkdaşının yubileyləri münasibətilə onların keçdiyi əmək yolu bir daha xatırlanıb, təhsil sahəsinə verdikləri töhfələr xüsusi vurğulanıb.
Belə ki, əməkdar müəllim, məktəbin tarix müəllimi Eybullayev Elçin Fərhad oğlunun,
təsviri incəsənət müəllimi Ağayev Eldar Əvəz oğlunun və rus dili müəllimi Əsgərova Təranə Habil qızının 65 illik yubileyləri qeyd olunub.
Eyni zamanda məktəb əməkdaşı Fətullayeva Dilarə Ağabala qızı 60, tarix müəllimi Cəfərov Kamal Əzizağa oğlu və ibtidai sinif müəllimi Gözəlova Jalə Dadaşbala qızı da 50 illik yubileyləri münasibətilə təbrik olunublar.
Tədbir zamanı çıxış edənlər yubilyarların pedaqoji və ictimai fəaliyyətindən, onların gənc nəslin yetişdirilməsində göstərdikləri əvəzsiz xidmətlərdən bəhs ediblər. Bildirilib ki, bu cür dəyərli müəllim və əməkdaşların fəaliyyəti hər zaman yüksək qiymətləndirilməli, onların təcrübəsi gənc nəslə nümunə kimi təqdim olunmalıdır.
Sonda yubilyarlara fəxri fərmanlar, gül dəstələri və mükafatlar təqdim edilib. Onlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin onların əməyinə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd ediblər.












