Xəbərlər
Neftçalada kitab təqdimatı keçirilib

“Qəsəbənin ilk şəhidi” kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatçısı Elçin Səlimovun qələmə aldığı, şəhid Rafiq Gözəlovun həyat və qəhrəmanlıq yolundan bəhs edən “Qəsəbənin ilk şəhidi” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə şəhid Rafiq Gözəlovun ailə üzvləri, onun adını daşıyan Xıllı 1 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, təqaüddə olan müəllimlər, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin əməkdaşları, eləcə də rayonun bir sıra ziyalıları iştirak ediblər.
Təqdimat mərasimində şəhid Rafiq Gözəlovun şərəfli həyat yolundan, Vətənə sədaqətindən və xalqımızın azadlığı, torpaqlarımızın müdafiəsi uğrunda göstərilən qəhrəmanlıqlardan bəhs olunub. Qeyd edilib ki, şəhidlərimizin həyat və döyüş yolunun öyrənilməsi, onların xatirəsinin yaşadılması, gələcək nəsillərə tanıdılması hər birimizin mənəvi borcudur.
Müəllif Elçin Səlimovun qələmə aldığı bu kitab şəhidin əziz xatirəsinin yaşadılması, onun həyat hekayəsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Kitab, eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə xidmət edir.
Tədbirdə çıxış edənlər şəhid ailələrinə göstərilən diqqət və qayğının əhəmiyyətini vurğulayaraq, qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsinin, onların xatirəsinin daim uca tutulmasının vacibliyini qeyd ediblər. Məktəbin müəllim və şagirdləri üçün də bu görüş şəhidimizin həyatını daha yaxından tanımaq, onun timsalında Vətən sevgisinin və fədakarlığın mahiyyətini dərk etmək baxımından əlamətdar olub.








