Xəbərlər
Neftçalada təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş daha iki təqaüdçü müəllim təltif edilib

“Həmkara dəyər” layihəsinin tərkib hissəsi olan “Könüllü qonaq” təşəbbüsü çərçivəsində uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş, yüzlərlə şagirdin elmə və həyata hazırlanmasında əvəzsiz xidmətləri olan Neftçala rayonu Həsənabad qəsəbəsi Şəmsəddin Orucov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İsmiyev Müslüm Qəmbər oğlu və biologiya müəllimi İsmiyeva Gülnaz Hüseynqulu qızının ailəsi ziyarət olunub.
Səmimi və duyğulu ab-havada keçən görüşdə müəllimlərin müxtəlif illərdə təhsil verdiyi şagirdlər, uzun illər birgə çalışdıqları həmkarları, eləcə də onları yaxından tanıyan insanlar və müəllim dostları iştirak ediblər. Çıxış edənlər Müslüm və Gülnaz müəllimlərin peşəkarlığından, yüksək insani keyfiyyətlərindən, şagirdlərinə göstərdikləri qayğı və diqqətdən söz açaraq, onların hər birinin həyatında silinməz iz buraxdıqlarını vurğulayıblar. Qeyd olunub ki, bu gün müxtəlif sahələrdə uğur qazanan çoxsaylı məzunların nailiyyətlərində müəllimlərin zəhməti, verdikləri bilik və tərbiyənin mühüm payı var.
Görüş zamanı müəllimlərin uzunmüddətli, nümunəvi və fədakar pedaqoji fəaliyyətləri yüksək qiymətləndirilərək onlara fəxri fərmanlar, gül dəstələri və xatirə hədiyyələri təqdim olunub. Bu diqqət və ehtiram müəllimlər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanıb.
Tədbir boyunca illərin unudulmayan xatirələri bölüşülüb, müəllim-şagird münasibətlərinin dəyəri bir daha xatırlanıb, kövrək və duyğulu anlar yaşanıb. Səmimi söhbətlər, xoş təəssüratlar və minnətdarlıq dolu ifadələrlə yadda qalan görüş iştirakçılar üçün əsl mənəvi bayrama çevrilib.
Görüşün sonunda Müslüm və Gülnaz müəllim onlara göstərilən yüksək ehtirama və diqqətə görə ETİHİ ailəsinə təşəkkürlərini bildiriblər. Onlar müəllim əməyinə verilən dəyərin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq, belə layihələrin təhsil işçilərinə mənəvi stimul verdiyini, onların zəhmətinin unudulmadığını göstərdiyini qeyd ediblər.
“Könüllü qonaq” layihəsi bundan sonra da ömrünü təhsilə həsr etmiş müəllimlərin əməyinə ehtiramın ifadəsi olaraq davam edəcək və müəllim peşəsinin cəmiyyətdəki yüksək nüfuzunun daha da möhkəmlənməsinə töhfə verəcək.











