“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada təqaüddə olan müəllimin 70 yaşı keçirilib

05/11/2026, 09:12
xeber1

“Könüllü qonaq” layihəsi çərçivəsində bu dəfə ömrünün 70-ci ilini qarşılayan, Kür Qarabucaq kənd ümumi orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi olmuş Əliyeva Rahilə Hidayət qızının yubiley tədbirində iştirak etdik.

Rahilə müəllimin 70 illik yubileyi münasibətilə təşkil olunan görüş doğma və səmimi ab-havası ilə yadda qalıb. Tədbirdə onun yetirmələri – keçmiş şagirdləri, uzun illər çiyin-çiyinə çalışdığı müəllim həmkarları, ailə üzvləri və yaxınları iştirak edərək yubilyara xoş arzularını çatdırıblar. Görüş boyu Rahilə müəllimin həyat və pedaqoji fəaliyyətinə dair maraqlı xatirələr səsləndirilib, keçmiş günlər yad edilib, onun insan və müəllim kimi formalaşdırdığı dəyərlərdən söz açılıb.

Tədbirdə çıxış edən ETİHİ Neftçala Rayon Komitəsinin sədri Könül Məmmədova Rahilə müəllimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və doğmalarının əhatəsində xoş günlər arzulayıb. Qeyd edilib ki, müəllim ömrünün ən böyük qazancı yetişdirdiyi şagirdlər, qazandığı hörmət və illər keçsə də unudulmayan xoş xatirələrdir.

Daha sonra Rahilə müəllimə fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub.

Səmimi söhbətlər, xoş xatirələr, gülüş və duyğulu anlarla müşayiət olunan görüş hər kəs üçün əziz və yaddaqalan olub. Bir zamanlar onun sinfində əyləşən şagirdlərin bu gün müəllimlərinin 70 illik yubileyində onunla bağlı xatirələrini bölüşməsi isə tədbirin ən kövrək və qürurverici məqamlarından biri olub.

Əziz Rahilə müəllim, Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sağlam, firavan və mənalı ömür arzulayırıq. Qoy bundan sonrakı illəriniz də doğmalarınızın sevgisi, keçmiş şagirdlərinizin hörməti və gözəl xatirələrin işığında keçsin!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: