Xəbərlər
Neftçalada uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş müəllimlərin yubileyləri qeyd olunub
“Həmkara dəyər” layihəsi çərçivəsində Neftçala rayonu Həsənabad qəsəbəsi Tofiq İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş əməkdaşların yubileyləri qeyd olunub. Tədbirdə məktəbin 3 əməkdaşının 65 illik, 4 əməkdaşının isə 60 və 50 illik yubileyləri münasibətilə onların keçdiyi əmək yolu bir daha xatırlanıb, təhsil sahəsinə verdikləri töhfələr xüsusi vurğulanıb.
Belə ki, məktəbin riyaziyyat müəllimi Həsənov İlham Baba oğlu, laborantı Səidova Lalə Gülmurad qızı və təsərrüfat müdiri Salayeva Minəxanım Xudat qızının 65 illik yubileyləri qeyd olunub. Eyni zamanda kimya müəllimi Əliyeva Gülnar Gülhüseyn qızı və texniki işçi Dadaşova Təranə Bəybala qızının 60 illik, tarix müəllimi Rzayev Rəşad Fərhad oğlu və texniki işçi Talıbova Nailə Mətləb qızının isə 50 illik yubileyləri münasibətilə onlar təbrik olunublar.
Tədbir zamanı çıxış edənlər yubilyarların pedaqoji və ictimai fəaliyyətindən, onların gənc nəslin yetişdirilməsində göstərdikləri əvəzsiz xidmətlərdən bəhs ediblər. Bildirilib ki, bu cür dəyərli müəllim və əməkdaşların fəaliyyəti hər zaman yüksək qiymətləndirilməli, onların təcrübəsi gənc nəslə nümunə kimi təqdim olunmalıdır.
Sonda yubilyarlara fəxri fərmanlar, gül dəstələri və müxtəlif mükafatlar təqdim edilib. Onlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin onların əməyinə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd ediblər. Tədbir xoş ovqat və səmimi anlarla yadda qalıb.



