Xəbərlər
Neftçalanın ucqar kəndində təqaüdçülərin evinə ziyarət olunub

“Könüllü qonaq” layihəsi çərçivəsində növbəti görüş Neftçala rayonu Qırmızıkənd kəndində baş tutub. Bu dəfə uzun illər Qırmızıkənd kənd tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində çalışmış, riyaziyyat müəllimi kimi öz zəhməti və peşəkarlığı ilə seçilən Kərimov Cəfər Nüsrət oğlu, eləcə də Qırmızıkənd uşaq bağçasında tərbiyəçi kimi fəaliyyət göstərmiş Kərimova Məhluqə Böyükkişi qızının ailəsi ziyarət olunub.
Görüş zamanı onların uzun illər təhsil sahəsində göstərdikləri xidmətlər yüksək qiymətləndirilib, pedaqoji fəaliyyətləri ilə bağlı xatirələr dinlənilib. Ailə ilə səmimi və mehriban söhbət aparılıb, gündəlik qayğıları, sosial vəziyyətləri ilə yaxından maraqlanılıb. Onların həyat təcrübəsi, gənc nəslin yetişdirilməsində oynadıqları rol xüsusi vurğulanıb.
Görüş zamanı təqaüdçü müəllimlərə gül dəstəsi, fəxri fərmanlar və mükafat təqdim olunub, mənəvi dəstək ifadə olunub. Bildirilib ki, belə görüşlərin keçirilməsi uzun illər təhsilə töhfə vermiş müəllimlərə ehtiramın bir nümunəsidir və bu ənənə gələcəkdə də davam etdiriləcəkdir. Ailə üzvləri də öz növbəsində göstərilən diqqətə görə ETİHİ ailəsinə təşəkkürlərini bildirib, bu cür görüşlərin onlar üçün böyük mənəvi dəyər daşıdığını qeyd ediblər.





