Xəbərlər
Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə 60-65 illik yubileyi qeyd olunan üzvlər üçün təntənəli tədbir keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nəsimi Rayon Komitəsi tərəfindən təşkil olunan yubiley tədbiri uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş şəxslərin əməyinin qiymətləndirilməsi, onların cəmiyyət həyatındakı rolunun vurğulanması və zəngin təcrübələrinin gənc nəslə örnək kimi təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyıb. Tədbirdə Rayon Komitəsinin aparat işçiləri, təhsil müəssisələrinin nümayəndələri və şəhid ailələri iştirak ediblər.
Tədbir çərçivəsində çıxış edən Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova yubilyarları səmimi qəlbdən təbrik edərək onların uzun illər ərzində təhsil sisteminin inkişafına verdikləri töhfələri yüksək qiymətləndirib, onlara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, həmçinin ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin salamlarını və xoş arzularını tədbir iştirakçılarına çatdırıb.
Tədbir zamanı yubilyarlara Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub, onların keçdiyi əmək yolu və qazandıqları nailiyyətlər barədə məlumat verilib. Səmimi və yüksək əhval-ruhiyyədə keçən tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və belə təşəbbüslərin davamlı olmasının vacibliyi qeyd edilib.



