Xəbərlər
Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə komitənin sədri Sübut Əsədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı sədrinin müavini Mirzə Cəfərzadə,şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Eldəniz Zeynalov, Azərbaycan Müəllimi qəzetinin baş redaktoru Sarvan İbrahimov,Nizami rayon Yeni Azərbaycan Partiyasının sədr əvəzi Rəşadət Xalıqov, Nizami rayon Bələdiyyəsinin sədrinin birinci müavini Heydər Rəhimov,Bakı Uşaq və Gənclər teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.
Tədbirin məqsədi Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətini vurğulamaq, şəhidlərin əziz xatirəsini ehtiramla yad etmək, qazilərə və müharibə veteranlarına diqqət və qayğı göstərmək, eləcə də milli birlik və həmrəylik dəyərlərini təbliğ etmək olub.
Tədbirdə bildirilib ki, 2026-cı ildə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü qeyd olunur. Vurğulanıb ki, 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Qələbə qazanıb. Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi xalqımızın mübarizə əzminin, milli birliyinin və qəhrəmanlığının rəmzinə çevrilib.
Qeyd olunub ki, Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdikləri qəhrəmanlıq onların vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətini bir daha nümayiş etdirib. Bu baxımdan, gənc nəslin təlim-tərbiyəsində, milli-mənəvi dəyərlərə bağlılığının və vətəndaşlıq məsuliyyətinin formalaşmasında təhsil işçilərinin mühüm rolu xüsusi vurğulanıb.
Şəhid ailələrinin üzvlərinin, qazilərin və müharibə veteranlarının həmkarlar ittifaqı nümayəndələri ilə bir araya gəlməsinin qarşılıqlı ünsiyyətin və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyi bildirilib. Belə görüşlərin şəhidlərin xatirəsinin yaşadılması, Vətən uğrunda göstərilən qəhrəmanlıq və fədakarlığın gənc nəslə örnək kimi çatdırılması baxımından əhəmiyyəti qeyd olunub.
Tədbir çərçivəsində təltifetmə mərasimi də keçirilib.












