Xəbərlər
NOVRUZ 2026

18.03.2026-cı il tarixində Sumqayıt şəhərində Novruz bayramı münasibətilə keçirilən ümumşəhər tədbiri şəhərimizdə əsl bayram ab-havası yaradıb. Sumqayıt Bulvarında təşkil olunan bu rəngarəng və yaddaqalan tədbir milli-mənəvi dəyərlərimizin, qədim adət-ənənələrimizin və Novruzun ruhunu yaşadan zəngin mədəni irsimizin bir daha geniş şəkildə nümayişinə çevrilib. SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin rəhbərliyi, müəllim heyəti, tələbələri və kollec ictimaiyyətinin nümayəndələri də bu bayram tədbirində fəal iştirak ediblər. Tədbir çərçivəsində səsləndirilən milli musiqilər, təqdim olunan folklor nümunələri, maraqlı səhnəciklər, eləcə də baharın gəlişini tərənnüm edən müxtəlif kompozisiyalar iştirakçılarda xoş ovqat və unudulmaz təəssüratlar yaradıb. Bayram süfrələri, milli ornamentlərlə bəzədilmiş guşələr, xalq yaradıcılığını əks etdirən nümunələr və şəhər sakinlərinin yüksək əhval-ruhiyyəsi Novruzun birlik, bərəkət və yenilənmə fəlsəfəsini bir daha göz önünə sərib. Novruz bayramı sadəcə təqvim bayramı deyil, həm də xalqımızın birlik və bərabərlik duyğularını gücləndirən, insanları xeyirxahlığa, paylaşmağa, yeniliyə və mənəvi saflığa səsləyən müqəddəs bir dəyərdir. Bu mənada, Sumqayıtda keçirilən ümumşəhər Novruz tədbiri şəhər sakinləri, qonaqlar, gənclər və təhsil ictimaiyyəti üçün həm mədəni, həm də mənəvi baxımdan olduqca əlamətdar olub.













